|
::::: Almas İldırım
Qara dastan
Kimsə bilməz Tanrıdağın yaşını,
Duman almış Altayların başını,
Uçurmuşdur başdan dövlət quşunu,
Sətvətinə yüz çevirmiş zaman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Dörd bir yana dağılmış Türk soyları,
Sönmüş ocaq, köçüb getmiş boyları,
Dərdli-dərdli axar bozqır çayları,
Saxlar içdən gizli ümid, güman hey
Qoca Türkün düşdüyü gün yaman hey
Ağ alnına qara yazı yazılmış,
Yaylalarda düyün-dərnək pozulmuş,
Gəlinlərin gur saçları çözülmüş,
Yada qalmış, dilər eldən aman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Dağdan-dağa çarpıb getmiş doğanlar,
Qayalarda iz buraxmış al qanlar,
Ordulara buyruq verməz elxanlar
Nərdə qalmış Sədlər yıxan fərman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Xarab olmuş Buxarası, Başkəndi,
Matəm tutmuş Səmərqəndi, Daşkəndi,
Kəndi söylər, tökər gözdən yaş kəndi
Nə ozan var, nə yazan, nə şaman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Qazan, Başqurd batmış, Qırım sürülmüş,
Mənim çəkik gözlü yarım süzülmüş,
Qonum-qonşum, bütün varım sürülmüş,
Bulunurmu Sibiryada iman hey?
Qoca Türkün düşdüyü dərd yaman hey
Türk elləri bir-birinə yadlanır,
Qazax, qırğız, türkmən, özbək adlanır,
Azəri Türk yanar, içdən odlanır,
Ana yurdun içdən halı duman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Orqun çağlar, yatmış ellər ayılmaz,
Tarım çayı doğru yola qoyulmaz,
Hey səslənir Amu-Dərya, duyulmaz,
Sır-Dəryada qalmamışdır dərman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Xəzər coşar, xəbər salar Kürünə,
Axıb gedər Kür sürünə-sürünə,
İdil ağlar, Altın Ordu yədinə,
Aral kəndi varlığında peşman hey
Qoca Türkün düşdüyü dərd yaman hey
Azərbaycan dərd içində doğulmuş,
Sevənləri diyar-diyar qovulmuş,
Ağla, şair, ağla, yurdun dağılmış,
Nərdə qopuz, nərdə qırıq kaman hey?..
Nərdə böyük Vətən - nərdə Turan hey!..
----- ------- -----
Almas İldırım
++++++++++
|