|
Dilim mahnısın dınlıyə bilərsiniz:
"Latin qrafikalı Azərbaycan əlifbasına
çevirən: Sarı Gəlin (Pəri) - 12 Fevral 2006"
Dünya Ana dili günü munasibətilə
Ana dilim şirin dil.
Omuzumda bir foto maşını,
əlimdə bir çanta yola düşürəm. Məqsədim bir ilk
okuldur. Məktəbin müdürü K... xanımla zəngləşib,
məktəbdə bir neçə müəllim və uşaqlarla
söhbət etmək üçün izin almışdım.
Yolda öz-özümə düşünürəm:
"Uşaqlarla necə danışacam? öz suallarımı
necə onlara düşündürəcəm."
Məktəbin önünə
yetişirəm. Biraz dayanıb içəri gedirəm. Bir
yaşlı qadın mənə sarı gəlib: "nə
işiniz var idi?" deye mənə baxır. "bağışlayın,
K... xanımla görüşəcəkdim". Buyurun deyib
məni müdürün otağına aparır.
K... xanım masanın arxasından
mənə baxıb buyurun deyir. Özümü tanıtdırıram.
K... xanım məktəbin həm müdürü həm də birinci
sınıfların müəllimidir. Onunla çeşitli
məsələlərə görə danışıram. O da
məktəbin və özünün adının aparılmaması
şərtilə mənimlə danışmağa
razılaşır. Çox sözdən sonra 21 fevral dünya ana dili
günündən söz açıram. Bu məsələdən əsla
xəbəri olmadığını deyib, artırır
Yəqin bu günü bu ildən bizim ölkədə qeyd etməyə
qərar alıblar! Yoxsa biz ana dilimizə görə heç bir iş
görə bilmərik!!.
_ : Sizcə birinci sınıfda ana dilinin dərs verilməsi yaxşı olar mi?
_ : Müəllimlər birinci
sınıfda uşaqlara dərs verməkdə çox
çətinliklərlə üz-üzə gəlirlər. Alfabeti və
kəlimələri uşaqlara öyrətmək çox çətin olur.
Uşaqlar iki yolun arasında qalırlar. İlk günlərdə
onlar bir çox cavabsız suallara rastlaşırlar. Çörək
yoxsa Nan? Qardaş yoxsa Bəradər? Və və və...
Bu sorular illər boyu uşağın
beynində dolaşıb durur və onlara heç vaxt da cavab tapa bilmir!.
Azərbaycanın uşaqları bu
günkü vəziyətdə dərslərini heç anlamadan,
düşünmədən yalniz əzbərləyirlər!. Bu da
gələcəkdə onların
savadsızlığına səbəb olur.
K... xanım əlavə edir:
bilmirəm türkcə yazıb öyrətmək olabilər mi
yoxsa yox, ancaq əgər belə bir iş gərçəkləşirsə
həm müəllimlərin işi rahat olar, həm evladlarımız artıq
dərslərini düşünərək, anlayaraq öyrənə bilərlər.
Soruşuram: sözlərinizdə
uşaqlara rast gələn paradukslardan söz açdınız.
Uşaqlar bunlardan sizə söz açıblar mi?
K... xanım: bəli, bir gün kilasda
uşaqların biri məndən soruşdu ki: xanım
müəllim, mənim anam deyir ki Tehrandakilar Farsdılar, amma
axı onlar da bizim kimi və TVdəki kimi danışırlar.
Doğrusu ona cavab vere bilmədim. Uşaq belə bilirdi ki Farsların dili
başqadır və TVdə danışılan dil Fars dili yox bəlkə bizim dilimizdir!!.
K... xanım sözlərinin ardında
məktəblərdə özəlliklə birinci sınıfda
ana dilimizin dərs verilməsini cox önəmli bilib, bunu
Azərbaycan uşaqlarının daha yaxşı dərs
oxumaqlarında və gələcəklərinin parlaq
olmasında düzgün bir təməl deyə artırır.
K... xanımdan icazə alıb bir
sınıfa gedirəm. bu sınıfın müəllimi gəlməyibdir.
Kiçik qız uşaqları məni
görüb biraz hoyuxurlar. Ancaq xanım müdürü mənim yanimda
gördükdən sonra ayağa durub birlikdə salam verirlər.
...salam... sobh be xeyr... xanum modir... be kelase ma xoş amədid! (farsca)
(tərcümə) ...salam... sabahınız xeyir ... xanım müdür... bizim kilasa
xoş gəlmisiniz.
Xanım müdür məni uşaqlara
tanıtdırıb və onlardan mənim suallarıma cavab
vermələrini istəyir.
Müdürdən icazə alıb, lövhədə 'Ana dilim şirin dil'
yazıb, uşaqlara deyirəm: "Hər kimsə bunu oxuya bilir əlini
qaldırsın. Üç nəfər əlini qaldırır." Birisini
lövhə önünə çağırıb, yazının
oxumasını istəyirəm.
Oxuyur: Ana dilim şirin dil.
Uşaqlara baxıb deyirəm: "Hamınız oxuyun."
Hamısı oxuyurlar: Ana dilim şirin dil.
Qəhər boğazımı biçir.
Danışa bilmirəm, dinə bilmirəm... Kiçik
qızların incə və məsum səsləri beynimdə
dolanır... dəli oluram...
Lövhənin önündə duran qıza
baxıb, adının "Sona" olmasını
düşünüb, adını soruşuram.
_: mənim adım Məhnazdır (öz
özümə deyirəm sən Sonasan, Məhnaz yox)
_: Neçə yaşın var Məhnaz?
_: Yaz gəlsə həşt salə
(səkkiz yaşlı) olacağam.
_: Məhnaz, səkkiz yaşın
olacaq yoxsa həşt yaşın?
Üzümə gülüb utancaq deyir: səkkiz yaşım.
...gülümsəyirəm...
Sona (Məhnaz) gedir yerində oturur.
Uşaqlardan istəyirəm: Hər kim ki Türkcə şer bacarır gəlsin oxusun.
İki nəfər əl qaldırır.
Üzlərinə baxıram. Bir birinə oxşayırlar.
Əkiz bacı olmalarını öyrənib ikisinə də
lövhə önünə gəlib, şerlərini oxusunlar deyirəm.
Adlarını soruşuram (onlar cavab
vermədən düşünürəm yəqin ki birinin adı
Şeyda digərinin adı Lida dir).
Mükəmməl Türkcə ilə deyirlər:
"Mənim adım Lalədir,
dağlarda açan bir gül!"
Mənim adım Laçındır,
göylərdə uçan bir quş!
Böyük bir həyəcanla deyirəm:
Lalə, Laçın oxuyun şerinizi.
Oxuyurlar:
Azərbaycan mənim elim
Azərbaycan mənim dilim
Doğrasalar dilim-dilim
Mənim dilim ölən dəyil
Başqa dilə dönən dəyil
Uşaqlar əl çalırlar... xanım
müdür gülümsəyir... mənsə hoyuxmuşam, heyran
qalmışam və...
Ürəyım odlanır. Lövhədə
yazıram: Mənim kiçik bacılarım, biz niyə öz
dilimizdə oxuya bilmirik?
Uşaqlar mənim
yazdıqlarımı oxumaqda çətinlik çəkirlər.
Kilasın bir güşəsində qara gözlü bir qız heyranca
mənə baxır. Yəqin ki o Sonadır!. O sorumun
cavabını bilir. Yəqin ki bilir!
Sınıfdan çıxıram.
Müdürdən təşəkkür edib, ayrılıram.
Hələ məktəbdən
çıxmamışam. Boğuluram... ixtiyarsız göz
yaşlarım axır... boğazım biçilir... niyə
Sonalarımız Məhnaz olmaqdadır??!!...
Əli Abbasi (qazetəci - Təbrız)
++++++
|