|
::::: Güntay Gəncalp
Turan xanım Cavid
Hansısa bir səs, gizlin bir istək məni Hüseyn Cavidi oxumağa
çağırmışdı sanki. Orta
məktəbdə oxuduğum zaman
Hüseyn Cavidin bir neçə lirik şeirini və
özəlliklə İblis dram əsərindən İblisin
monoloqlarını əzbərləmişdim. Bir neçə
dəfə də Savalanın zirvəsində yüksək səslə,
bağıraraq söyləmişdim bu monoloqları. Sinifdə
tənəffüs saatlarında İblisin monoloqlarını yüksək
səslə oxuduğum zaman sinif
yoldaşlarım heyrətlə dinləyib əl çalardılar. O zaman Hüseyn Cavidin
əzbər bildiyim şeirləri çevrəmi
etkiləmək üçün bir vasitə olmuşdu mənim üçün. Bəzən
təkbaşıma evdə kimsə olmadığında bu
monoloqları söylərdim. Belə işlərdən anlamayan
qonşularımız səsimi eşitdiklərində dəli
olduğumu sanırmışlar. Bir neçə dəfə
qonşularımız gəlinimizə O niyə öz-özünə
danışıb bağırır?- deyə sormuşdular. Hüseyn Cavidin
şeirləri ilə içimdəki firtinaları
dışarıya boşaldırdım. Bir çox hallarda da hönkürtü ilə
ağlayırdım monoloqların sonunda. Artıq Hüseyn Cavid mənim qəlbimdə
ən yaxın sirdaşım olmuşdu.
Elə bilirdim ki, Cavid bu əsərləri
mənim üçün, yalnız mənim üçün
yazmışdır. Bir çox əsərlərini
əzbərləmişdim qəlbimdə sirdaşım olan Hüseyn Cavidin.
Təbrizdə tələbə olduğum
illərdə, Tehrandakı münasibətlərimdə, hər
hansı mədəni toplantılarda Hüseyn Caviddən monoloqlar söyləyirdim.
Ləzzət alırdım bu monoloqları
söylərkən. Hüseyn Cavidin başına gələn fəlakətləri
öyrəndiyim zaman çox ağır psikolojik
sıxıntılar keçirmişdim. Xəstə hal olmuşdum. Bu bilgiləri
əldə etdikdən sonra Cavidin
monoloqlarını daha enerjili şəkildə oxuyurdum. Hər
oxuduğumda sanki intiqam alırdım kimlərdənsə. Sanki öz ruhumu da Cavidin şeirlərinə qatıb
dinləyicilərin diqqətinə sunurdum. Heç vaxt yadımdan çıxmaz ki, bir neçə
dəfə Təbrizdəki
məclislərdə Cavidin monoloqlarını bütün enerjimlə
oxuduğum zaman, məclis sanki şoka uğrarcasına dərin bir sükuta
dalırdı. Hər şeir oxuyuşumdan
sonra məclisdəkilərin mənə olan sayqınlığı, ehtiramları
göstərirdi ki, mən böyük bir iş
görmüşəm. Böyük işləri böyük insanlarla görmək olur. Cavid mənim
qəlbimdə və ağlımda
yol göstəricim olmuşdu. Hətta məndən sonra muğam oxuyacaq
insanlar da çətin özlərini toparlayıb konsertə başlayırdılar.
Milli şüurum gəlişdikcə,
dərinləşdikcə Cavidin ruhu və
yaradıcılığı ilə təmas şəklim
də dərinləşirdi. Cavidin
yaradıcılığındakı dərinlik, üslubundakı epik tutum, dil
zənginliyi məni tərbiyə edirdi. Ən çox əzbər bildiyim Hüseyn Cavid
və Səhənd idi. Bu iki uluruh
mənə enerji verirdi. Artıq mən yalnız deyildim o fars vurmuş, kimliyi
itmiş, itirilmiş mühitdə. İçimdə
Cavidin ruhunu daşıyırdım. Yüksəlirdim. Güclənirdim. Bir missionun
adamı olduğumu sanırdım. Milli missionun ən dərin, əbədi,
fəlsəfi şəkli Cavidin
əsərlərindədir.
Bu şəkildə gəncliyimin ən enerjili çağında Hüseyn Cavid ruhuma
girmiş və məni yönləndirməyə
başlamışdı.
Yazqım məni Bakıya
sürüklədiyində içimdə Hüseyn Cavidin yaratdığı dünya ilə gedirdim.
Heç bir zaman Hüseyn Cavidsiz olmadım. Tam
əzbər bildiklərim əsərlərini bəzən
təkrar kitabın üzündən oxuma ehtiyacı duyurdum. Bu gün də öylədir.
Yeni dünyaya gəlmiş oğlum Alpərə Hüseyn Cavidin
monoloqlarını yüksək səslə oxuyuram.
Bakıda Hüseyn Cavidin nəslinin
qalıb-qalmaması ilə maraqlandım. Bir qızı həyatdadır,
dedilər. Turan xanım adında. Turan
xanım kimsə ilə evlənməmiş. Kimsə cürət
edib onunla evlənmək istəməmiş. Çünkü atası Hüseyn
Cavid kommunistlər tərəfindən xalq düşməni élan edilmişdi. Hüseyn
Cavid öz millət sevgisinin cəzasını
sadəcə özü çəkməmişdir, qızı Turan xanım da çətin bir
həyat yaşamaq zorunda
buraxılmışdı.
2002-ci ildə Nasir Purpirarın On iki
əsr sükut kitabını tərcümə edib Bakıda yayınladım. Kitabdan
Kitabdan bəzi tanıdığım
insanlara hədiyə verirdim. Iki cild də Turan xanıma vermək istədim.
Düşündüm ki, Hüseyn Cavidin soyunu yaxından
görmək üçün də yaxşı fürsət olar.
Elmlər Akademiyasında Turan
xanımın hüzuruna getdim. İllər boyu qəlbimdə
daşıdığım Cavidimin soyundan birisini görə bilmək
həyacanlandırırdı məni. İş otağında yalnız idi.
Görüşdükdən sonra tərcümə
etdiyim kitabın ilk səhifəsini yazaraq
hədiyə etdim. Sonra da söhbət etdik. Hardan olduğumu soruşdu.
Ərdəbildənəm dediyimdə
gülümsəyərək.
O tərəflərdən
gələnlərə bənzəmirsən,- dedi.
Çünkü ana dilim üzərində çox
zəhmət çəkmişəm, bu yolda Hüseyn Cavid də mənə
yardımçı olmuş,- dedim.
Necə yardımçı olmuş?
Əsərləri ilə, bütün
əsərlərini oxudum və əzbərlədim,- dedim və sonra da
Cavidin 2 kiçik şeirini oxudum Turan xanıma. Dalğın-dalğın
dinləyirdi məni. Gözlərimi Turan xanıma zilləyib şeirləri
oxuyarkən Hüseyn Cavidin bu xanımda ölməz ruhunun cizgilərini axtarırdım.
Sibirlərdə sürgündə və
işkəncə altında öldürülən Hüseyn Cavid, qızının gözləri
ilə məni görməsini istəyirdim.
İstəyirdim görsün ki, uzun illərdən sonra Ərdəbilin kəndindən
çıxmış bir gənc adam onun
ideallarının arxasındadır. Şeirləri oxuyarkən gözlərimin
yaşını tuta bilmirdim. Öz-özünə
axıb gedirdi. Turan xanım da səssizcə mənim göz
yaşlarıma baxaraq dinləyirdi mənim şeir oxumağımı. Şeir
bitmişdi. Turan xanımın da gözləri
dolmuşdu. Sanki göz yaşlarının
yanaqlarından süzülməsini əngəlləmək istəyirdi,
ancaq başarmadı. Çantasından bir dəsmal çıxarıb göz
yaşlarını sildi. Boğazım
tutulmuşdu. Bir sözlər demək istəyirdim, ancaq boğazımı
sıxan qəhər imkan vermirdi. Özümü
toparlayıb Mən zəif adam deyiləm. Hüseyn Cavidin ruhu və
əsərləri ilə böyüyən insanlar güclü olurlar,- dedim.
Turan xanım oturduğu yerdən qalxıb mənə
yaxınlaşdığında mən də yerimdən qalxdım.
Yaxınlaşıb alnımdan öpdü. Mən də Hüseyn Cavidin
qızının önündə baş əyib əlindən öpdüm.
İndi Turan xanım vəfat etmiş. Onu atasının məzarının
yanında dəfn etmişlər. Ancaq
Cavidin əsərləri yaşayır. Yenə də Finlandiyanın
ormanlıqlarının dərinliyində Cavidin monoloqlarını söyləyirəm.
Qonşulara mane olmayım deyə,
velosipedlə çox uzaqlara gedirəm, kimsənin
olmadığı yerlərə. Yalnız mən oluram və bir də
Hüseyn Cavid.
----- ------- -----
Güntay Gəncalp
( 6/28/2007 )
++++++++++
|