Top Shekil

Ev səhifə Qonaq Şairlər Güntay (Tərxanoğlu Uzluq Farabi)

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı


Tərxanoğlu Uzluq Farabi



Farabi adı ilə məşhur olan Əbunəsr Məhəmmədoğlu, Tərxanoğlu Uzluq 870-ci ildə Türkistanın Farab şəhərində dünyaya gəlmişdir.

Leon Efriqi deyir: "O, nəcib bir soydan idi, çox təmtəraqlı həyat sürə bilərdi, ancaq fəlsəfəyə könül verdi, meditasion və təfəkkür yolunu seçdi." 1

Farabi, doğulduğu yerdəcə elm öyrənməyə başlamış. Yabancı dil öyrənmə istedadı yüksək səviyədə olmuşdur. Ibni Xəlkan onun 72 dil bilməsi haqda məlumat verir. Tərxanoğlu Uzluq Farabinin Türkcəni, Ərəbcəni, farscanı və kürdcəni mükəmməlcə bilməsi elm dünyasına bəllidir. Farabinin bu dilləri bilməsi, xüsusən onun "Kitab-i əlmusiqi-ul kəbir" (Böyük musiqi kitabı) əsərində daha aydın hiss olunur. Eyni zamanda o devrdə elm-fəlsəfə dili olan Yunan və Siriyani dillərini də akademik səviyədə bilirmiş. O devrdə Bağdad elm-mərifət mərkəzi olduğu üçün Farabdan Bağdada gedir. Farabi Bağdad da vardığı zaman Əlmüqtədir 907-ci ildə xilafəti ələ keçirmişdi. Farabi, Bağdadda keçən 30 illik ömrünü fəlsəfi əsərlərin təlif və şərhinə həsr etmişdir. Farabinin şagirdi olan xristian Yəhya Ibni Əddi sonralar məşhur filisof oldu. Farabi 950-ci ildə 80 yaşında Bağdadda vəfat etmişdir.

Islam tarixçiləri hesab edirlər ki, Farabi zahid sayağı, guşənişin bir fikir adamı olmuş. Ibni Xəlkan isə yazır ki, "Onun həyatı, əski filosofların yaşam tərzini xatırladır." 2

Dəmişqdə olduğu müddətdə cəmiyyətdən qaçırdı və zamanını daha çox su kənarında və ağacların sıx olduğu yerlərdə keçirirdi.

Dəmişqdə bir bağın qoruyucusu olduğu qeyd olunmuşdur. Gecələr oyaq qalaraq, gözətçi çırağının işığında mütaliə edib, təliflə məşğul olurmuş.

Farabi, bütün elm sahələrində bənzərsiz imiş, belə ki, o, öz zamanında yayğın olan bütün elmlər üzrə üstad olmuş və kitablar təlif etmişdir. Bizə çatan və çatmayan; iten, ancaq tarix və fəlsəfə kitabları arasında adı keçən əsərlərdən bəlli olur ki, Farabi dilçilik, riyaziyat, kimya, hərb, musiqi, təbiətşunaslıq, ilahiyat, ictimaiyat, fiqh və məntiq elmləri üzrə bənzəri olmayan bilim adamı olubdur. Baxmayaraq ki, Əlkəndi ilk ərəb filosofu olaraq, fəlsəfəyə bir yol açdı, ancaq fəlsəfi bir cərəyan yarada bilməzkən, eyni zamanda mubahisəli məsələlər arasında da vəhdət icad edə bilmədi. Lakin Farabi Islam dünyasında ilk böyük filosof kimi ortaya çıxmışdı. Filotinin yeri Qərb dünyasında nədirsə, Farabinin də yeri Şərq dünyasında o şəkildə təsbit edilmişdir. Ibni SinaIbni Rüşd onu öz üstadları saymışlar. Aristotel Fəlsəfə dünyasında “müellimi əvvəl” ləqəbi ile məşhur olduğu kimi, Farabi də “müəllimi sani” (ikinci müəllim) adı ilə ün qazanmışdır.

Farabi, müxtəlif mövzularda bir çox kitabların müəllifidir. Ancaq onun əsərləri İbni Sinanin kitabları qədər yayğınlaşmamışdır. Bunun səbəbini Ibni Xəlkan belə şərh edir ki, o, əksər əsərlərini pərakəndə kağız və dəftərlərə yazırdı, bu üzdən müfəssəl bir kitab və ya risalə ondan miras qalmamışdır. Nə yaziq ki, Farabinin bir çox əsərləri itimiş və təqribən Ərəb dilində olan otuz risaləsindən başqa bir şey qalmamışdır. Farabi, orta əsrlərdə çox məşhurlaşmışdı. Farabinin dünya görüşünün təsiri altinda olan Yəhudilər filosofun əsərlərini ibrani dilinə tərcümə etmişdilər. Bu tərcümələr bugün də Avropa kitabxanalarında mövcuddur. Eləcə də Farabinin ibranicədən latin dilinə çevrilmiş əsərləri də kitab muzeylərində saxlanılmaqdadır.

Farabinin əsərləri ən çox Aristotelin, Əflatunun, Calinusun fəlsəfələri üzrə yazılan fəlsəfi şərhlərdən ibarətdir. Farabi, özəlliklə Aristotel əsərlərinin şərhçisi kimi tanınmışdır.

Ibni Sina deyir: “Aristotelin “Metafizik” əsərini qırx dəfə oxudum, ancaq anlaya bilmədim. Farabinin metafizik üzərinə yazdığı “Iğrazi ma bədüttəbiə” (metafizikanın hədəfləri) şərh kitabını oxuduqdan sonra, Aristoteli anlaya bilməm mümkün oldu.” 3

Farabi fəlsəfəsinin cövhərini Aristotel hikməti və neo-əflatunizmin Islami dəyərlərlə tərkibi oluşdurmaqdadır. O, məntiq və təbiət bilimlərində Aristotelçi, əxlaq və siyasətdə Əflatunçu, metafizikdə isə Filotinçidir. Farabi öz görüşlərində müxtəlif fəlsəfi cərəyanları vəhdət halına gətirmişdir. Farabi təkid edir ki, müxtəlif fəlsəfi cərəyanların var oluşuna baxmayaraq, fəlsəfənin özü (zatı) birdir və fəlsəfi həqiqət çeşidli deyildir.

Farabi, öz fəlsəfi sistemini yaratmaq üçün bütün fəlsəfi görüşlər arasında tolerans ortamı yaratmaq kimi bir arabuluculuq missionunu üzərinə götürdüyü üçün belə qərara gəlmişdir. Ibrahim Mədkur deyir: “Farabi bütün hər şeyin, her tür düşüncənin dartışmaya açılmasını istərkən, müxtəlif görüşləri çeşidli baxışlardan incələmək niyətindədir. Mümkün olası bütün ehtimallar haqda danışır, tamamlama, bütövləşdirmə yerinə, bölmə və incələməni tərcih edir. Bu yaradıcılıq ruhu, hətta onun müəlliflik üslubunda da müşahidə olunur. O, elə bir yazardir ki, özətləmə və konkretləşməyə çalışmaqla bərabər, cümlədə hər bir ləfz və sözü başarı ilə istifadə edir və ən önəmlisi isə, diqqəti mənaya yönəldir.” 4

Farabi, fəlsəfənin vəhdətinə inanırdı və bu inancını isbat etmək üçün bir çox risalələr yazmışdır. Fəlsəfi həqiqət vahiddirsə, o zaman böyük fəlsəfi fikirlər, xüsusən Əflatun və Aristotel fəlsəfələri arasında uyum və ahəngdar münasibət yaratmaq mümkündür. Farabiyə görə Əflatun və Aristotel arasında mövcud olan fərqlərin üç qaynağı vardır:

1 . Onların həyat tərzlərinin və həyata baxış tərzlərinin fərqliliyi.

2 . Müəlliflikdə üslub fərqliliyi.

3 . Fəlsəfi məzhəb fərqliliyi.


Farabi ilə Ixvan-üs Səfa arasında görüş bənzərliliyi vardır. Farabi, Aristotel və Əflatun arasında anlaşılacaq bir uyum sağladığı kimi, Islam və Yunan fəlsəfəsi arasında da bir-birlərini anlaya biləcək imkan yaratmışdır. Farabiyə görə islam və Yunan fəlsəfəsi arasında görünən ixtilaf zahiridir. Təfərrüatda görünən bu zahiri anlaşılmazlıqları aradan galdırmaq və her ikisinin bətninə nüfuz etmək üçün, təvilata (açıqlamaya) ehtiyac vardir. Dinin və fəlsəfənin əsl məsdəri fəal ağıldır. Hər ikisi də fəal ağlın ürünüdür. Fəlsəfənin və dinin cövhərində onları bir-birinə qarşı qoyacaq bir şey yoxdur. Bu üzdən də Aristotel və Məhəmməd peyğəmbər təməldə fərqsizdirlər. Fərq ondadir ki, birisi ağlı, digəri ise vəhyi ön götürmüşdür. Vəhyin və ağlın məsdəri isə birdir, mütləqdir. Farabi əxlaq mövzusunda da bir xeyli risalələr yazmışdır. Filosof, Əflatunun “Cümhuriyet” kitabında qeyd etdiyi fikirin üzərində durur ki: “Əxlaqın əsl hədəfi səadət qazanmaqdır”. İnsan səadət gətirən düşüncə və davranış əxlaqidir, çünkü səadətin təməlində əxlaq durur. İnsan vicdanını rahatladan səadət əxlaqidir. Əxlaqi səadət isə tərbiyə məsələsidir. Eyitimdən keçmiş oyaq vicdanın səadət tələbi əxlaqidir. Buna fəlsəfi səadət də demək mümkün.

Farabiyə görə sağlıqlı əxlaq insanda onu seadətə götürən işlərə və xislətlərə alışqanlıq, vərdiş halı yaratmalıdır. Barışcıl, səadət gətirən və səadət bəxş edən əxlaqi hərəkətlər etidalın var olması ilə mümkündür. Çünkü davranışlarda aşırılıq (ifrat) və düşürülük (təfrit) həm bədənə həm də nəfsə zərərlidir.

Farabi heç zaman əməli siyasətlə uğraşmasa da, bu mövzuda, yəni siyasət teorisi ilə bağlaı olaraq da bir çox risalələr yazmışdır. Uzluqoğlu Farabi ilə fəlsəfə dünyası tam yeni bir çağa girmiş və Farabinin fəlsəfi kültürü üzərində Ibni Sina, Ibni Rüşd kimi böyük filosoflar yetişmişdir. Farabi ilə başlayan bu fəlsəfi yüksəliş sürəci Imam Məhəmməd Qəzzali tərəfindən çökdürülmüşdür. Qəzzali, fəlsəfənin oxunmasını, riyazi yolla mütləq olanı (Tanrını) isbata çalışmağı şeytan əməli olaraq tanımlamışdır. 11-ci əsrdə Səlcuq imperatorluğu zamanında Nizamiyə mədrəsələrinin rəsmi və dövləti görüşünə çevrilən Qəzzali irticası həm daha öncəki fəlsəfi cərəyanlara yasaq gətirmiş, həm də digər elmi görüşlərə şiddət və cəza uyqulamışdır. Qəzzalinin fətvası üzərinə riyaziyat yasaqlanmış, Ərəbcəyə tərcümə edilmiş bütün Yunan fəlsəfəsinin yox edilməsi əmr edilmişdir. Qəzzali irticasının arxasında imperatorluğun siyasi iradəsi durmaqda idi.

Farabi “Kitabi Əlmusiqi-ül Kəbir” kitabında musiqi elmi haqqında bilgi vermişdir. İlk dəfə olaraq Farabi bu kitabda musiqi səslərini iki yöndən; elmi və nəzəri yöndən incələməyə çalışmışdır. O, öncəlliklə səslərin təbiətləri və bu səslərin qulağa ötürülüşü haqda elmi mübahisə açır, sonra da öz zamanında yayğın olan musiqi alətləri ilə bağlı məlumat verir. Farabinin bəstələdiyi melodiyalar hələ də, özəlliklə Mevləviye dərvişlərinin cəmində ifa edilməkdədir. Farabi, əməli və teorik planda musiqi elmi ilə məşqul olan ilk və ən böyük alimdir.


Güntay - 2 Yanvar 2000 Bakı

26 Fevral 2006



1: Həna Əlfaxuri—Xəlil Əlcər “Islam dünyasında fəlsəfənin tarixi”.S.395

2: Eyni qaynaq

3: Eyni qaynaq

4: Eyni qaynaq



++++++











| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net