|
::::: Güntay Gəncalp
Eşşəyimiz
Heyvanların insan həyatında özəl bir yeri vardır. Hətta it və at təsəvvüf ədəbiyatında vəfanın,
sədaqətin bağlan və hürr ol, sadiq qal fəlsəfəsinin örnəyi kimi göstərilmiş.
Məsəla, M. Fuzuli tarixin böyük şəxsiyətlərindən birisidir. Vəfalılığını
göstərmək üçün Bənzədirsən özünü itlərinə hər saət kimi
misrasında özünü köpəyə bənzədən Fuzulinin bu şəkildə düşünməsini bəlkə
şüurumuza sığdıra bilmirik. Lakin əgər gerçək bir vəfa soz konusudursa, onun
heyvan və ya insan tərəfindən gerçəkləşməsinin nə fərqi vardır ki? At və it
birisinə bağlanar və bu bağlılıq davam edər, oysa insandaki vəfa və sədaqət
məsələsi bir tanıma sürəcindən keçdikdən sonra gerçəkləşər. Heyvan öz halları
ilə barışqan, insan isə öz halları ilə barışmaz şəkildə yaradılmış. İnsan,
vəfalılığını belə, yarqılayacaq bir yaradılışdır. At və it isə yarqılamaz. Sadə
bir sayqı qarşısında böyük bir vəfa sərgilərlər. Eşşəkdə də vəfa var mı? Nədən
insan deyilən bu yaradılış öz abtallığı ilə rastlanarkən zavallı eşşəyi
xatırlayır?!
1980-illərdən etibarən kənd həyatının yapısında sürətli bir dəyişim ortaya çıxmışdı. Kəndlərdən
şəhərlərə olan köç axın şəklində başlamışdı. Bunun bir çox səhiyyəvi, iqtisadi
nədənləri var idi. Ən önəmli səbəb isə fars milliyətçiliyi mərkəzli iqtidarin
Türk yurdlarına uyquladığı politika idi. İnsanlar kəndlərdən köç etdikcə, fars
dili və kimliyi əsasında yapılanan şəhərlərdə daha tez assimilə olurlar deyə
bir politika mövcud idi. Lakin böyük köç qarşısında assimilasiona qarşı
şəhərlərin nüfus yüksəlişi sövqi-təbii olaraq disassimilasion sürəcini doğurdu.
Bu gün Azərbaycanın böyük şəhərlərində, hətta Tehranda belə, öz milli kimliyini
axtaran, anlatan oxumuş insanlar mövcuddur.
Atam əkinçi idi. Limli kəndində olan azcıq tarlamızın hesabına evladlarını oxutmağa çalışırdı.
Ərdəbildə bir ev almaq zərurəti ortaya çıxmışdı. Ona görə də qapımızın
heyvanları yavaş-yavaş satılmağa başlamışdı. Hər dəfə hansısa bir heyvanımız
satılıb bizdən ayrıldığında evimizə hüzün düşürdü. Ala inəyimiz satıldığında
anamın mətbəxdə ağladığını görmüşdüm. Ala inək bizim çörək ağacımız idi əslində.
Heç qısır qalmaz, daima doğardı. Evimiz süddən, pendirdən əksik olmazdi. Ən
önəmlisi isə ala inəyin sağıldığı günbatan çağları mənim üçün bir gözəllik
dünyası idi. Anam mahnı söyləyə-söyləyə inəklərimizi sağardı. İnəklər də yavru
bizovlarını yalardı. Anamın gözəl səsi, inəklərin yavrularını yalaması, günəşin
uzaqlarda, göyün diblərində sanki qan dənizi içində batışı, hamısı bir yerdə
ədəbiyata, musiqiyə meyilli olan mənim ruhumu tərbiyə edirdi. Uşaqlığımda
şüuraltıma hopan bu həyəcanlı, əməklə iç-içə olan həyatın ləzzətini daha sonra
heç bir hadisə, heç bir müvəffəqiyət verməyəcəkdi.
Atımız satıldığında gözlərimin yaşını tuta bilmirdim. Atımızın satılışı mənim üçün bir fəlakət idi.
Özümə gələ bilmirdim. Dumanlı dərələri, tarlaları, örüşləri o gündən sonra
gəzəməz olacaqdım. Bu gün də kəndimiz və kənd həyatı ruhumun dərinlikərindən baş
qaldırdığında özümü atımızla bir yerdə görürəm. Bəzən yuxuma girir uşaqlıq
həyatım... İnəyimizlə, atımızla bir yerdə, artıq dünyasını dəyişmiş insanları da
görürəm röyamda.
Gözümü açandan qara eşşəyi həyətimizdə görmüşdüm. Örüşdən bütün yükləri eşşəyimizlə daşıyırdım.
Eşşəyimiz, demək olar ki, qapımızda ən zəhmətkeş məxluq idi. Eşşəyimiz artıq çox
qocalmışdı. Qoca eşşəyimizi də qonşumuz Tanrıverdiyə satdıq. Ancaq qoca eşşəyin
satışdan sonraki yaşamı maraqlı oldu. Eşşək hər dəfə örüşdən gəldiyində bizim
tövləyə girirdi. Hər gün də Tanriverdi Zəhmət olmasa, eşşəyi tövlənizdən
çıxarın, sürün bəri, aparım bağlayım, deyərdi. Eşşək ömrünün sonuna qədər
alışmadı özgə həyətə, özgə tövləyə. Qoca eşşəyin bu davranışı mənim üçün çox
sevimli idi. Hər dəfə də illərin əməklisi, zəhmətkeşi olan qoca eşşəyi tövlədən
zorla çıxarıb başqa həyətə ötürməm canımı sıxırdı. Eşşəyin bizə bu qədər bağlı
qalma hissini alqışlayırdım. Sevirdim qoca eşşəyin bu hərəkətini. Hər dəfə də
eşşək örüşdən gəldiyində düz gedib illər boyu tövlənin ona həsr olunmuş yerində
dururdu. Onu zorla, itələyə-itələyə tövləmizdən çıxaranda gözlərindəki,
sifətindəki acıları görürdüm. Lakin bütün bunlara rəğmən artıq o özünü bizə
mənsub bilsə də, hüquqən sahibi biz deyildik.
Bir dəfə günbatançağı qoca eşşək yorğun yerişləri ilə bizim həyətimizə doğru gəlirdi. Tanrıverdi mənə
Qoyma o eşşəyi getsin, sür bəri, aparım, dedi. Eşşəyin qabağını kəsdim ki,
bizim həyətimizə girməsin. Qoca eşşək boynunu çevirib Tanrıverdiyə tərəf baxdı.
Sonra da bizim həyətimizə doğru hərəkətinə davam etdi. Nə qədər əngəlləməyə
çalışdımsa, başarmadım. O, məni də zorlayıb, həyətimizə girdi və tövləyə
çatar-çatmaz uzandı. Ayaqları çox boş durmuşdur. Gözləri tövlədə ona məxsus olan
yerə zillənmişdi. Gözlərini qırpmadan oraya baxırdı. Nə qədər bizdələdimsə
qalxsın, qalxmadı. Tanrıverdi də gəldi, quyruğundan yapışıb eşşəyin qalxmasına
yardımçı olmaq istədi. Qoca eşşək qalxmadı. Ölmüşdü. Tanrıverdi eşşəyin ölümünü
dəqiqləşdirmək üçün peyinli ayaqları ilə gözlərini yoxlamaq istədi. Gözləri
tərpənmirdi. Ürəyim çox sıxılmışdı. Hönkür-hönkür ağladım. Eşşək öz
xatirələrinin beşiyində, həyətimizdə can verdi... Tanrıverdi qoca eşşəyi başqa
eşşəklərin quyruğuna bağlayıb dərəyə tərəf sürüklədi ki, orada leşini köpəklər
yesin...
----- ------- -----
Güntay Gəncalp
++++++++++
|