|
::::: Güntay Gəncalp
Kölgəmlə söhbət
Mən: Sən
məndən heç ayrılmadın. Gecələr də mənim dərimə suvaşıb yatdın. Evdə mənimlə
oldun. Dişarıya mənimlə çıxdın. Səni ilk gördüyümü xatırlayıram. İlk görüb
anladığımı deyirəm. Yəqin sən də xatırlayırsan. Bəlkə sən ilk olaraq başqa bir
xatirəni xatırlaya bilərsən. Ancaq mənim xatırladığım belədir. Gün batan çağı
damımızın üstünə çıxmışdım anamla birgə. Gün batan çağı sən (kölgə) çox uzun
olursan. O zaman mənim bəlkə 6 ya da 7 yaşım olardı. Boyum balaca idi, ancaq sən
çox uzun görünürdün. Uzanıb dağlara sərilmişdin. Bu qədər uzun olmağın xoşuma
gəlmişdi. Xüsusən damımızın üstündən uzanıb ən çox sevdiyim dağlarımıza
sərilməyin məni sevindirmişdi. Damın üstündən enmək istəmirdim. İstəyirdim
dağlara sərilmiş kölgəmi seyir edim. Gün batdıqca sən daha da uzun olurdun. Gün
batdıqdan sonra da qısalırdın. Üzülürdüm qısalmağına. Dağlardan ayrılmaq
istəmirdim səni. Sonra da ayın işığı. Ayın işığındakı kölgə daha əsrarəngiz
olurdu. Ay olmadığında haraya getdiyini bilmirdim. Ancaq bilirdim ki, məndən
ayrı deyilsən.
Kölgəm:
Mən səni ilk olaraq daha öncələr xatırlayıram. Ancaq sənin yadına gəlməz mənim
xatırladığım olaylar. Çünkü sən o zaman danışa da bilmirdin. Mən səninlə eyni
zamanda dünyaya gəldim. Mən ilk gündən düşüncəli, dilli olaraq doğuluram. Ancaq
insanların dil açması, bəzi şeyləri xatırlamaları üçün uzun zaman lazım olur.
Bizim tərsimizə olaraq insanlarda yaddaşın şəkillənməsi bir sürəcdir. Sənin
xatırlaya bilmədiyin bəzi hadisələr var həyatında. Bu hadisələr iki qismə
ayrılır. Birinci qism çocuqluq dönəmidir. İkinci qism isə yaşayıb unutduğun
xatirələrdır. Mən isə sənin həyatının hamısını xatırlayıram. Sən çocuqluq
dönəmindəki bəzi xatirələri başqalarından öyrənmisən. Əslində isə mənim
bildiklərimi kimsə bilməyir. Madam ki, mənimlə qonuşmağa da zaman bulmuşsan, çox
şeyləri, hətta hər şeyi söhbətləşə bilərik.
Mən:
Bilmirəm hər şeyi söhbətləşə bilərik ya yox. Çünkü bizim söhbətimizi başqaları
da duya bilər. İnsanın bəzi sirlərini kimsə bilməməlidir deyirlər.
Kölgəm:
İnsanların dedikləri bu sözü mən də duymuşam. Ona görə yaxşı-yaxşı düşün.
İstəsən söhbət edərik.
Mən:
Haqlısan, düşünməm lazım. Bilmirəm hər şeyi söhbətləşməyə cürətim çatar ya yox.
Yalnız bir soru soracam: Mən gördüyüm yuxuları da xatırlayırsanmı?
Kölgəm:
Öncə bunu deyim ki, mən hər şey dediyimdə sənin həyatını başından bu günə qədər
danışmaq istəmirəm. Bu mümkün deyil. Hər şeyi danışmaq üçün yüz illər
yaşamalısan, yalnız bu günə qədərki həyatındakı ayrıntıları dinləmək üçün. O ki,
qaldı yuxularınla bağlı, əvət, yuxularını da xatırlayıram. Bütün yuxularını.
Yadında mı sən bir zamanlar yuxlarını dəftərə yazardın. Sonra da dəftəri elə
yerdə gizlərdin ki, kimsə oxumasın. Utanardın bəzi yuxularından. Sənin
cəsarətsiz dönəmin idi o zaman. Sonra da iki yuxu dəftərini itirdin. Bir yuxu
dəftərini Ərdəbildə elə yerdə gizlədin ki, sonra özün də tapa bilmədin. Sonra da
Bakıya getdin. Bakıda da çox narahat idin ki, sənin yuxu dəftərini kimsə tapıb
oxuyacaq. Mən bilmirəm o yuxu dəftərini kimsə tapıb oxudu ya yox. Çünkü mən
səndən ayrıla bilməzdim. Səninlə Bakıya getdim. Yuxu dəftərinin tapılıb oxunub-
oxunmamasını bilsən mənə də bilgi ver. İkinci yuxu dəftərini də Bakıda yazmışdın.
Onu da Bakıda itirdin. Lakin Bakıda yazdığın yuxu dəftərini itirdiyində çox
üzülmədin. Çünkü o dəftəri ərəb əlifbasında yazmışdın. Ərəb əlifbasını da Bakıda
oxuyan olmadığı üçün arxayın idin ki, sənin ruhunun gizlin sirlərini kimsə
bilməyəcək. Ancaq mən itirdiyin yuxu dəftərindəki yuxuları da təfərrüatı ilə
bilirəm. Istəsən bu haqda da danışarıq. Ancaq dediyim kimi, yaxşıca düşünmən
lazım.
Mən:
Haqlısan. Yaxşıca düşünməliyəm. O zaman mənə bir az daha vaxt lazımdır ki, özümü
bu uzun və sirli söhbətə hazırlayım.
Kölgəm:
Tam məntiqli bir qərar verirsən. Çünkü mən çox şeyləri xatırladacağam. Bəlkə bəzi olayları
xatırlatdığımda utanacaqsan, bəzən də aşağılıq kompleksi içinə girəcəksən. Ona
görə düşünməlisən.
Mən:
Təkrar görüşərik. Qərar verim sonra oturub üz-üzə danışarıq.
----- ------- -----
Güntay Gəncalp
( 09.07.2007 )
++++++++++
|