|
::::: İsmayil Cəmili
Birlik
Əl-ələ versəydi gecə ulduzlar
qadalı qaranlıq itib batardı.
Günəşlər doğardı saysız üfüqdən
uzanan zülməti işıq udardı.
Qol-qola versəydi zinə bulaqlar
çağlayıb səslənib dəniz olardı.
Gözləri yol çəkən quraqlıqların
həsrətli sinəsi doyub dolardı.
Səs-səsə versəydi yalnız haraylar
dağları oynadan tufan olardı.
Yarardı sinəsin zalim zindanın
zəncirlər qırılıb quşlar uçardı.
Əl-ələ, qol-qola, səs-səsə versə
tapdanan əzilən soyulan ellər
qudurqan qaranlıq quraqlıq qaçar
qurtuluş yazında açılar güllər.
----- ------- -----
İsmayil Cəmili
++++++++++
|