Top Shekil

Ev səhifə Yazılı Şerlər Pərı (Sarı Gəlin) - Bir məzlumiyyətin öyküsü

Ev səhifə
Yazı formada Şerlər
Səs formada Şerlər
Dil
Qonaq Şairlər
Qonaq Dəfətrı

:::: Bir məzlumiyyətin öyküsü





Bir məzlumiyyətin öyküsü



...əslində çox qədim bir öykü bu...

bəlkə belə deməliyəm "ört-bas edilmiş cinayətin nağılı"!!


_-_-_-_-_-_


O, hələ doğulmadan yazdılar qədərini!

baxtına düşdü

uğursuz bir hörümcək kölgəsi

açar-açmaz dünyaya gözünü


və sonra...

Şanslısı diri-diri gömüldü qara torpağa!

baxtsızı məhkum oldu ömürlük dostaq həyata!


torantanlı əllər

hördülər tozlu inanclar pərdəsini

gözlərinin üstünə

gecənin qaranlığından da qara!


O, daha görmədi

görəbilmədi ki

günəşin necə sarı olduğunu!


Çaldılar ovuclarında boylanan o tazə, o ılıq səhəri

söndürdülər alnındakı parıldayan dan ulduzunu

əzdilər könlündə bitən körpə tomurcukları!


Duyğu şəlaləsini qurutdular

yasaqlar daşı kəsdi yolunu

heç axmadı ki, axabilmədi ki!


Acı çəkdi, dovuldu, vuruldu

içi qan ağlarkən, qorxudan üzü güldü!

ağlamaq istədi, ağlaya bilmədi ki!


Yerdən göyərmiş yasaların paslı zəncirini

bağladılar əllərinə

açarını şəriət namına dərin quyuya atdılar!!


Dondurdular beynini

susdurdular ötən o şirin dilini

qırdılar qol-qanadını, uçmasın deyə!


və sonra...

Asdılar ürəyindən

səhərin alacaqaranlığında

günahsızlıq ipindən!


Hər insan bir dəfə doğulur, bir dəfə ölür

insanlığını qəbul etdilərsə onun

nədən hər gün öldürdülər?!


və sonra...

Ruhsuz bir can!

səssiz-səmirsiz

kilidləndi dörd duvar arasında!


hə...indi oldu... "Qadın belə olmalı" dedilər!!

"Qadın ağılsızdır, ağlı ərməz hər işə"

tablo oldu

vicdansız beyinlərin duvarına!


"Qadın danışmaz, gülməz, baş əyər hər sözə"

sırğa oldu

hər gənc qızın qulağına!


_-_-_-_-_-_


Amma o, hələ də, hər gecə

röyalarında özgür görür əsir olmuş ruhunu, könlünü


Bulud olub yağdığını...

sevincində, kədərində


Durnalartək uçduğunu

sınırsız, sərbəstcəsinə...


Heç qorxmadan harayladığını

sevgisini, mənliyini, tüm diləklərini...


_-_-_-_-_-_


Dün səhərə yaxın röyasında çatdı arzusuna!

Çıxdı cəsarətin ən yüksək dağına

Söküb yırtdı qara kəfənini

Gizlətdiyi ağ-appağ qanadını

Sərdi gözlər önünə

Haray çəkdi

eheeyy... Yer-Göy...

eheeyy... Canlılar...

Mən bir ulu varlığam

Mən bir insanam

Yaşayıram

Mən bir Qadınam


_-_-_-_-_-_


"Zamanı gəlmış artıq

bu röyanı xeyirə yozun

gərçəkləşməsi lazım"


_-_-_-_-_-_



Pərı (Sarı Gəlin) - 6 May 2006



+++++++++++
















| Ev səhifə | Şer (Yazı) | Şer (Səs) | Dil | Qonaq Şairlər | Qonaq Dəftərı |

© 2005 - Sarı Gəlın

Şerlər: Pərı (Sarı Gəlın) sarigelin1p@yahoo.com

Web Design: Rəhım Səhəndım sehendoglu@netscape.net