|
::::Laylalar

Laylay dedim yatasan,
Qızıl gülə batasan
Gül yastığın içində
Şirin yuxu tapasan
Laylay gözüm ağlama,
Ürəyimi dağlama.
Yat yuxun şirin olsun,
Yuxuma daş bağlama.
Laylay dedim həmişə,
Karvan gedər enişə.
Yastığında gül bitsin,
Döşəyində bənövşə.
Laylaya gəlin bala
Yuxusu dərin bala
Tanrıdan əhdim budur,
Toyunu görüm bala.
Laylay dedim gündə mən
Kölgədəsən, gündə mən.
İldə bir qurban olar,
Sənə qurban gündə mən.
Laylay əməyim bala,
Duzum, çörəyim bala.
Gözlərəm böyüyəsən,
Görüm köməyin bala.
Üzeyir Hacıbəyov
+++++++++
::::Vətən

Başdan başa bu vətən
Bizimkidir uşaqlar
Vətənsizi həmişə
Yoldan ötən ayaqlar
Bulaqları, çayları
Qanımızdır, qanımız
Dənizləri, çölləri
Ürəyimiz, canımız
Düşmən hücum gətirsə
Dağlarına dayannıq
Bir acı zəhər olub
Xorəyinə calannıq
Həyat boyu vətənsiz
Olmasın bir anımız
Onu əziz sanmağa
Hökm edir vicdanımız
Süleyman Salis
+++++++++
::::Ana Vətən

Doğma anamsan mənim
Ey mehriban vətənim
Eşqində gərək yanam
Sənsən mehriban anam.
Məni bəsləyən də sən
Məni səsləyən də sən.
Doğma anamsan mənim
Ey mehriban vətənim
Torpağından güc aldım
Şöhrətinlə ucaldım
Səndədir şan-şöhrətim
Ey ülvi məhəbbətim
Doğma anamsan mənim
Ey mehriban vətənim
Nə qədər ki canım var
Iliyim var, qanım var
Sevəcəyəm səni mən
Lap ürəkdən ey vətən
Doğma anamsan mənim
Ey mehriban vətənim.
Eldar Muğanlı
+++++++++
::::Əl-ələ

Ay uşaqlar əl-ələ
Əl-ələ verin gedək arzugilə
Arzugil bizdən küsüplər, bilirik
Bu zaman biz əl-ələ verməliyik
Onları qaytarmağa getməliyik
Qocalar dillənsələr baş verməyin
Gecənin qıfılların açın gəlin
Bir gecə ay çıxanda biz çıxarıq
Sel-təkin bölgəli dağdan axarıq
Düşmanın evciyinə od yaxarıq
Ay uşaqlar əl-ələ
Əl-ələ verin gedək arzugilə
Alirza Nabdil
+++++++++
::::Payız

Buz göydən boylanır
Solğun günəş sap-sarı
Qəmli-qəmli köçürlər
Durnaların qatarı
Başa çatdı yay fəsli
Yenə açdı mədrəsə,
Kilaslarda uşaqlar
Yenə verdi səs-səsə.
Külək əsdi qopardı
Yarpaqları budaqdan,
Bir parçası narıncı
Bir parçası al-əlvan.
Nəfəsindən ağ yelin
Soldu çəmən, soldu gül,
Hicranından bülbülün
Yarpaqların yoldu gül.
Şehə çökübdür çəmən,
Duman bürüyüb dağı,
Tüstüləyir çobanın
Yaş tikanlı ocağı.
Karvan-karvan qap-qara
Göydə buludlara bax!
Budaqlardan sallanan
Qıp-qırmızı nara bax!
Mehr, aban, azərəm
Çən-duman nəfəsliyəm
Mən payızam, rənglərin,
Meyvələrin fəsliyəm.
Həbib Fərçbaf
+++++++++
::::Uşaq və Buz

Dərsə gedən bir uşaq
Çıxdı buz üstə qoçaq
Sürüşdü birdən birə
Düşdü üz üstə yerə
Durdu uşaq neylədi?
Buza belə söylədi:
Sən nə yamansan ay buz
Adam yıxansan ay buz
Az qalıb ömrün sənin
Yaz gələr artar qəmin
Əriyib suya dönərsən
Axıb çaya gedərsən
Əliəkbər Sabir
+++++++++
::::Ana və Bala

Oturmuş ana
Basmış bağrına
Nazlı körpəsin
Lay-la deyir ona.
Uşaq yatmayır
Baxır, ağlayır
Anası onu
Bu cür oxşayır:
Dağda darılar
Sünbülü sarılar
Qoca qarılar
Bu balama qurban.
Dağda tağanlar
Bir-birin boğanlar
Oğlan doğanlar
Bu balama qurban.
Bir bolük atlar
Atlar göy atlar
Ərsiz arvadlar
Bu balama qurban.
Dağın maralı
Gözü qaralı
Dünyanın malı
Bu balama qurban.
Abbas Səhhət
+++++++++
::::Serçə

Quşlar içindən bir quş
Bizim divara qonmuş
Hobbana - hobbana
Gəldi qonu eyvana
Çöhrədə tel əyirdi
Telləri tez səridi
Cik-cik, cik-cik oxudu
Ipək pərdə toxudu
Ipək pərdə mil-mili
Serçənin şirin dili
Serçə serçə nə serçə
Yayı, qışı bu evdə
Serçə serçə nə serçə
Gah şəritdə gah yerdə
Cik-cik, cik-cik, cik-cik-cik
Serçə oxur cik-cik-cik
Məhəmməd
Abedinpur
+++++++++
|